UFAZ Fransanın “Thales”, “Bakı Metropoliteni” QSC və “Schneider Electric” şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO

UFAZ Fransanın “Thales”, “Bakı Metropoliteni” QSC və “Schneider Electric” şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO Tədbirdə Fransanın XİN başçısı və Azərbaycanın təhsil naziri iştirak edib
Elm və təhsil
27 May , 2018 12:23
UFAZ Fransanın “Thales”, “Bakı Metropoliteni” QSC və “Schneider Electric” şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi Fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Strasburq və Ren 1 universitetlərin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, Airbus DS France-nın prezidenti Nikola Şamussi və “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev iştirak edib.

Qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş arxiv sərgisinin stendləri ilə tanış olublar.

Daha sonra nazirlər Fransanın “Thales”, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qonaqları salamayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində unikal bir əməkdaşlığın nəticəsidir.

UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirən nazir universitetin qısa zamanda mükəmməl nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.

Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 may - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş keçirilib.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə sərəncam imzalayıb.

UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 284 tələbə təhsil alır.

UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren 1 Universiteti və ADNSU) alacaqlar.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi