UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub UFAZ-a qəbul olunmaq üçün müraciət edən 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanıb
Elm və təhsil
28 İyul , 2017 19:25
UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub
Report/ Firi Salim

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.

ADNSU-dan "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət edən 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanmaq üçün imtahanları müvəffəqiyyətlə verib. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.

UFAZ-a qəbul imtahanlarında iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamış abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkələşdirilmiş qəbul imtahanlarında topladığı bala müvafiq olaraq respublikanın ali məktəblərinə qəbul olmaq üçün sənədlərini təqdim etmək hüququnu özlərində saxlayırlar.

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Fransa-Azərbaycan Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Fransa-Azərbaycan Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

Xatırladaq ki, UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul imtahanlarının sualları Strasburq Universitetinin nümayəndələri tərəfindən hazırlanıb. Abituriyentlərin biliklərini də Fransalı alim və pedaqoqlar qiymətləndiriblər. UFAZ  prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren1 Universiteti və ADNSU) alacaqlar.

Qeyd edək ki, UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 141 tələbə təhsil alır. Ötən illə müqayisədə bu il UFAZ-da qəbul olmaq üçün müraciət edən abituriyentlərin sayı təqribən 40%-dən artıq yüksəlib. Bundan əlavə, UFAZ-ın tələbəsi olmaq imkanı qazanmış gənclərin sayı da ötən ilki 141 nəfərlə müqayisədə artaraq 148 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi