UFAZ-a qəbul imtahanı keçirilib

UFAZ-a qəbul imtahanı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.
Elm və təhsil
23 İyul , 2019 10:44
UFAZ-a qəbul imtahanı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

"Report" xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan 497 abituriyentin imtahanda iştirak etmək üçün qeydiyyatdan keçdiyini bildirib.

O deyib ki, abituriyentlərdən 414 nəfəri Azərbaycan, 83 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək üçün müraciət ediblər: "Bu il dördüncü dəfədir ki, UFAZ-a qəbul həyata keçirilir. İmtahanda riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sual cavablandırılacaq, ingilis dilində qrammatik çalışma və esse yazılacaq. Yekunda 160 nəfər universitetə qəbul olunacaq".

Rektor əlavə edib ki, DİM-in keçirdiyi builki qəbul imtahanlarında 600 bal yığanların sayında azalma müşahidə olunub.

Qeyd olunub ki, bu gün keçirilən qəbul imtahanının nəticələri iyulun 25-də elan olunacaq.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin ümumi təsdiq edilmiş siyahısı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək və siyahıda olanabitüryentlər digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

UFAZ-a imtahan verən, lakin uğur əldə edə bilməyən abituriyentlər DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Qeyd edək ki, 2016/2017-ci, 2017/2018-ci və 2018/2019-cu tədris illəri üçün UFAZ-a qəbul imtahanlarında iştirak üçün müvafiq olaraq 310, 427 və 523 abituriyent qeydiyyatdan keçib. Onlardan imtahanlarda iştirak etmiş gənclərin sayı müvafiq olaraq 290, 385 və 463, qəbul olmuş tələbələrin sayı isə 143, 145 və 141 olub. Əvvəlki illərdə UFAZ-a qəbul olmuş tələbələrin orta balı müvafiq olaraq 585, 590,5 və 620 təşkil edib.

Son xəbərlər

Orphus sistemi