Yuxarı

Türkiyənin hərbi attaşesi: “Aprel döyüşlərində Azərbaycan ordusu düşmən qarşısında yenilməz olduğunu sübut etdi”

General İhsan Başbozqurd tələbələrlə görüşüb

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd tələbələrlə görüşüb.

Universitetin İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, görüş Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomatlar klubunun sədri Ramin Həbibzadənin təşkilatçılığı ilə baş tutub.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin yaranma tarixi haqqında qonağa məlumat verib. O ADU-da 6 mindən çox tələbənin təhsil aldığını, 22 dilin tədris olunduğunu qonağın diqqətinə çatdırıb. O, kompleksdə digər mərkəzlərlə yanaşı, Türk xalqlarının folklor mərkəzinin də fəaliyyətindən danışıb. Universitetin beynəlxalq əlaqələrinə toxunan professor Dünyamin Yunusov ADU-nun bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycan və Türkiyəni bir ananın iki oğlu kimi qiymətləndirən İhsan Başbozqurd ulu babalarının azərbaycanlı olduğunu qeyd edib. O, iki qardaş ölkənin nəinki hərbi sahədə, eyni zamanda müxtəlif sahələrdə də bir-birinə hər zaman dəstək olduğunu deyib. Aprel döyüşlərinə toxunan İhsan Başbozqurd Azərbaycan ordusu düşmən qarşısında yenilməz olduğunu sübut etdiyini vurğulayıb.

Daha sonra qonaq universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova hədiyyə təqdim edib.

Görüşdən sonra Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd universitet tələbələri ilə görüşüb.

“Azərbaycan-Türkiyə hərbi əlaqələri” mövzusunda çıxış edən İ.Başbozqurd Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə dayandığını bildirib və iki xalqın hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb. O, hərbi əlaqələrdən danışaraq Azərbaycan silahlı qüvvələrinin öz bölgəsində güclü bir orduya çevrildiyini qeyd edib. O, iki ölkə arasında imzalanmış müqavilələrin hərbi əməkdaşlığın müxtəlif sahələrini - hərbi təhsil, hərbi yardım və digər sahələri əhatə etdiyini vurğulayıb. 

Görüş çərçivəsində Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd “Regionda Türkiyənin hərbi potensialı”, “Hərbi diplomatiyada çətinliklər”, “Hərbi diplomatiya nədir?” mövzularında da tələbələrə məlumat verib.

Sonra Diplomatlar klubunun sədri Ramin Həbibzadə qonağa dəvəti qəbul edib gəldiyi üçün tələbələr adından təşəkkürünü bildirib.

Tədbirdə hərbi atteşe tələbələri maraqlandıran sualları cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi