TQDK V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib

TQDK V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib “Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri üçün etibarlı mənbədir”
Elm və təhsil
21 Sentyabr , 2015 16:59
TQDK V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilib. TQDK-dan "Report"a verilən xəbərə görə, hər bir vəsait iki hissədən ibarətdir. Belə ki, I hissədə V-VII siniflər üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu, II hissədə isə həmin siniflər üzrə yeni dərsliklərə əsaslanan qiymətləndirmə vasitələri dərc edilib.

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və yalnız test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt standartlar üçün nəzərdə tutulmuş və bloklar şəklində təqdim olunmuşdur. Hər bir blokdakı sual və tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır. Vəsaitin yeni xüsusiyyətlərindən biri də sual və tapşırıqların bloklarda yerləşdirilməsi formasıdır. Hər bir blokda əvvəlcə alt standartın adı, sonra ona uyğun sual və tapşırıqlar təqdim olunur. Hər bloka daxil olan sual və tapşırıqların sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq sadə, orta, çətin səviyyəli olmasına diqqət yetirilib.

Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.

Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır.

Vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intellektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqayisələr aparmağa həvəslənəcəklər. Müəllimlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şagirdin biliyini aşkara çıxarmağa, təkcə ayrı-ayrı mövzuların deyil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirə biləcəklər. Bununla da hər bir şagirdin hazırlığının yoxlanılmasına fərdi yanaşma imkanları xeyli genişlənəcək.

"Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq", - TQDK-dan bildirilib.

Vəsaitləri TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. 

Son xəbərlər

Orphus sistemi