Yuxarı

TQDK V ixtisas qrupu ilə bağlı statistikanı açıqlayıb

Bu ixtisas qrupuna 10 446 abituriyent müraciət edib

Bakı. 27 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V ixtisas qrupu ilə bağlı statistikanı açıqlayıb. TQDK-dan "Report"a bildirilib ki, ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.

17 802 nəfər abituriyent I-IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edib. Onlardan 4 913 nəfəri V ixtisas qrupu üzrə, 12 889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.

Ümumilikdə, V ixtisas qrupuna 10 446 abituriyent müraciət edib. Onlardan 4 894 nəfəri cari ilin, 5 552 nəfəri əvvəlki illərin məzunlarıdır.

Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17 999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9 213 abituriyent cari ilin, 8 786 abituriyent isə əvvəlki illərin məzunlarıdır.

Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu mayın 31-dək davam edəcək. Kolleclərin müsabiqəsində iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki illərin məzunu olan abituriyentlər və orta məktəbləri bu il bitirən abituriyentlər həmin vaxta kimi kolleclərə elektron ərizə təsdiq etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi