Yuxarı

TQDK sınaq imtahanlarının keçiriləcəyi tarixləri açıqlayıb

Bakalavrlar üçün ilk sınaq imtahanı aprelin 3-də keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanlarının günləri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin (TQDK) mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 20 fevral, Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 19 mart, Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 3, 10, 24 aprel, 8 mayda keçiriləcək.

Belə ki, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcək. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.

Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də bu il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.

Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi