Yuxarı
    Bağlamaq

    TQDK növbəti sınaq imtahanını aprelin 19-da keçirəcək

    İmtahanlar respublikanın 35 şəhər və rayonunda baş tutacaq

    Bakı. 16 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 19-da respublikanın 35 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 67 binada təşkil olunacaq.

    İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48049 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. TQDK bildirir ki, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

    Xatırladaq ki, sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək.

    Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi