Yuxarı

TQDK magistraturaların bütün ixtisaslaşmalarına qəbul proqramlarını açıqlayıb

Magistr jurnalının 3-cü nömrəsi nəşr edilib

Bakı. 17 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Magistr" jurnalının 3-cü nömrəsini nəşr edib. TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Jurnalın bu sayında jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu sayında təqdim olunub.

Azərbaycan dilində olan jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın Azərbaycan və rus dillərində olan elektron versiyalarını isə (pdf formatında) TQDK-nın internet saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi