​TQDK imtahan prosesində fəaliyyətlərinə görə xüsusi seçilən 25 nəzarətçini mükafatlandırıb

​TQDK imtahan prosesində fəaliyyətlərinə görə xüsusi seçilən 25 nəzarətçini mükafatlandırıb Ötən il keçirilən test imtahanlarına nəzarətçi qismində 14 333 müəllim cəlb edilib
Elm və təhsil
2 Fevral , 2016 14:19
​TQDK imtahan prosesində fəaliyyətlərinə görə xüsusi seçilən 25 nəzarətçini mükafatlandırıb

Bakı. 2 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilən müəllimlər arasında imtahan prosesində fəaliyyətlərinə görə xüsusi seçilən 25 nəfəri mükafatlandırıb.

"Report" xəbər verir ki, mükafatlandırma mərasimində TQDK-nın rəhbərliyi və kollektivi, müəllimlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Tədbirdə bildirilib ki, ötən il keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilən 14 333 müəllimdən 8 033 nəfəri buraxılış imtahanlarında, 5 518 nəfəri isə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.

Nəzarətçilərin qiymətləndirilməsi zamanı çoxsaylı parametrlər - nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı, nəzarətçi kimi stajı və s. əsas götürülür.

Aparılan araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiyanın müxtəlif diplom və hədiyyələri ilə mükafatlandırılır.

Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər; 13 və 263 saylı məktəblərinin hər birindən 13 nəfər ; 93, 150, 191, 266, 271, 283 və 284 saylı məktəblərin hər birindən 12 nəfər; 5, 73, 99, 114, 157 və 285 saylı məktəblərin hər birindən 11 nəfər; 52, 55, 59, 100, 165, 171, 179, 227 və 280 saylı məktəblərin hər birindən isə 10 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər.

Regionlar üzrə isə Lənkəran şəhərinin 5 saylı məktəbi 17 nəfər, xarici dil təmayüllü internat tam orta məktəbi 16 nəfər, 3 saylı məktəbi 15 nəfər, 10 saylı məktəbi 14 nəfər, 2 və 7 saylı məktəblərinin hər biri 13 nəfər , Şəki şəhərinin 11 saylı məktəbi 17 nəfər, 18 saylı məktəbi 11 nəfər, Gəncə şəhərinin 6 saylı məktəbi 12 nəfər, Göyçay şəhərinin 7 saylı məktəbi isə 12 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir.

Araşdırmanın nəticələri barədə TQDK Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlayıb.

Xatırladaq ki, indiyə qədər TQDK-nın keçirdiyi imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2451 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanlarla təltif olunub. 

Son xəbərlər

Orphus sistemi