TQDK Bilik Fondu ilə əməkdaşlıq edəcək

TQDK Bilik Fondu ilə əməkdaşlıq edəcək Məleykə Abbaszadə Bilik Fondunun icraçı direktorunu qəbul edib
Elm və təhsil
23 Yanvar , 2015 17:49
TQDK Bilik Fondu ilə əməkdaşlıq edəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovu qəbul edib. TQDK-dan "Report"a verilən məlumata görə, görüşdə bu dövlət qurumlarının gördükləri işlər, həyata keçirdikləri layihələr və qarşıda duran vəzifələr barəsində fikir mübadiləsi aparılıb, iki qurum arasında əməkdaşlığın istiqamət və perspektivləri müzakirə edilib.

Görüşdə bildirilib ki, Prezidentin fərmanı ilə yaradılan Bilik Fondu müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını, Azərbaycan əhalisinin maarifləndirilməsini təmin edən xüsusi məqsədli dövlət qurumudur. 

Azərbaycan əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək, şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək Fondun əsas vəzifələrinə daxildir.

Görüşün sonunda yaxın zamanlarda TQDK ilə Bilik Fondu arasında əməkdaşlığa dair sənədin hazırlanıb imzalanması qərara alınıb.

Xatırladaq ki, görüşdə Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri Məhəbbət Əkbərli də görüşdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi