Yuxarı

TQDK 6 və 7-ci sinif şagirdləri üçün monitorinq imtahanı keçirəcək

İmtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur

Bakı. 2 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 6, 7 aprel və 9, 10 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahan şagirdlərin tam seçilməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və Riyaziyyat fənlərindən həyata keçirilir. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanır və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılır.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi