Yuxarı

Tofiq Müxtəsərov: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub” - MÜSAHİBƏ

​Tofiq Müxtəsərov: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub”

Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV qruplar üzrə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsərov I qrup üzrə qəbul imtahanında maksimal bal (400, ümumi balı 665) toplayıb. Abituriyent Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

Qəbul imtahanı haqqında təəssüratlarınız necədir?

- Əvvəlki illərin qəbul imtahanının sualları ilə müqayisədə builki qəbul sualları daha çətin idi. Xüsusilə fizikadan düşən suallarda çətinlik vardı, riyaziyyat və kimyadan düşən suallar daha rahat idi. Tanıdığım abituriyentlərin çoxu fizikadakı suallarda çətinlik çəkib və balları aşağı düşüb. Ümumiyyətlə, builki suallar abituriyentlərdən daha çox diqqət tələb edirdi.

Abituriyentlər qəbul imtahanında yaxşı nəticə göstərmək üçün nələrə fikir verməlidir?

- Əsas məsələ sistemli, ardıcıl olmaq və vaxtı düzgün bölməkdir. Bir də abituriyentlər gərək oxu materiallarını davamlı və rejimlə oxuyub həzm eləsin. Burda ən vacib məsələ odur ki, oxu materiallarını qavrayanda beyin yüklənməməlidir. Beyin rahat olanda fənlərdəki bilikləri daha asanlıqla anlayırsan.

Bakı Ali Neft Məktəbi (BANM) haqqında hansı mənbədən məlumat almısınız?

- Əsasən, şəxsi əlaqələrim rol oynayıb. BANM-da oxuyan, şəxsən tanıdığım tələbələrdən orada yaxşı təhsil haqqında eşitmişdim. Bundan həvəslənib qərara gəlmişdim ki, yüksək bal yığıb sənədlərimi Ali Məktəbə təqdim edim.

Bakı Ali Neft Məktəbini niyə seçmək istəyirsiniz?

- Mən, əsasən, ingilis dilində təhsil almaq istəyirəm. BANM-da ingilis dilli təhsil keyfiyyətlidir, üstəlik, Ali Məktəbin ikili diplomlu proqramları haqında eşitmişəm, həmçinin BANM BP, SOCAR kimi böyük şirkətlərlə əməkdaşlıq edir. Yəni Ali Məktəb gələcək təhsilim və inkişafım üçün perspektivli təhsil ocağı təsiri bağışlayır. Neft-qaz, kimya mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri diqqətimdədir. Hələlik konkret ixtisas seçimi edə bilməmişəm, amma BANM-da oxumaqda qərarlıyam.

Gələcək hədəfləriniz nədir?

- Hələlik gələcək üçün əsas hədəfim BANM-da ingiliscə bakalavr təhsili almaqdır, daha sonra xaricdə magistratura təhsili haqqında planlarım var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi