Təmayüllər üzrə təşkil olunan pilot məktəblərinin növbəti dərs ilinin tədris planları təsdiqlənib

Təmayüllər üzrə təşkil olunan pilot məktəblərinin növbəti dərs ilinin tədris planları təsdiqlənib Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb
Elm və təhsil
28 İyun , 2016 17:20
Təmayüllər üzrə təşkil olunan pilot məktəblərinin növbəti dərs ilinin tədris planları təsdiqlənib

Bakı. 28 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin 2016/2017-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

“Report”un məlumatına görə, əmrin imzalanmasında məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrdə qeyd olunur ki, tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI siniflərinin 2016-2017-ci dərs ili üçün tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Tədris planına dair qeydlərdə isə bildirilir ki, dərsdənkənar məşğələlər meyil və maraqları nəzərə alınmaqla şagirdlərin ümumi dünyagörüşünün inkişafına, şəxsiyyəti formalaşdıran həyati bacarıqlara daha dərindən yiyələnmələrinə, ayrı-ayrı sahələr üzrə məlumatlarının genişlənməsinə yönəldilir.

Dərsdənkənar məşğələ qrupları bir qayda olaraq, şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaqla komplektləşdirilir. Bununla belə, seçilmiş mövzuya şagirdlərin marağından asılı olaraq, dərsdənkənar məşğələ qrupları maksimum 15 nəfərlə də komplektləşdirilə bilər.

Eyni zamanda, dərsdənkənar məşğələ saatlarından tədris planında nəzərdə tutulan hər hansı bir fənnə əlavə saat ayrılması, habelə bu saatlar hesabına tədris planında olmayan digər bir fənnin tədrisi yolverilməzdir.

Pilot məktəblərində təmayül sinifləri Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir.

Ümumi orta təhsil səviyyəsində 2 xarici dil tədris edilmiş məktəblər istisnadır.

Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyilmaraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır.

Son xəbərlər

Orphus sistemi