Bakı. 10 avqust. REPORT.AZ/ Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.
O bildirib ki, əvvəllər bu proses üçün ali məktəbə ərizə ilə müraciət olunur, sonra həmin universitet digər ali məktəbə sorğu yollayırdı: "Bunun üçün müəyyən zamana ehtiyac var idi. Artıq bu proses asanlaşdırılıb".
C.Valehovn sözlərinə görə, bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində
Sektor müdiri qeyd edib ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir: "Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır".
Onun sözlərinə görə, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsini mümkün deyil: "Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur".
Nazirlik rəsmisi qeyd edib ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust–5 sentyabr tarixlərində aparılacaq.