​“Tələbə Həftəsi”nə start verilib

​“Tələbə Həftəsi”nə start verilib İlk tədbir Bakı Dövlət Universitetində təşkil edilib
Elm və təhsil
10 Noyabr , 2015 18:10
​“Tələbə Həftəsi”nə start verilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyi 10-17 noyabr tarixlərində elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetində təşkil edib. Təşkilatdan “Report”a verilən məlumata görə, keçirilən tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov tədbirin mahiyyətindən, “Tələbə Həftəsi”nin önəmindən danışıb. O qeyd edib ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi var.

Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da tələbələri salamlayaraq “Tələbə Həftəsi”nin önəmini vurğulayıb və tələbələrin ictimai fəallığı ilə bir neçə məqamı qeyd edib: “Bu gün tələbələr ölkəmizin ictimai həyatında özünə məxsus yer tuturlar. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mərkəzində məhz tələbələr durur. Cənab Prezidentin ali təhsilə, tələbələrlə verdiyi önəmin göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində çoxlu işlər görülür. Ölkəmizin ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır. Təbiidir ki, biz bu sahədə tələbələri öz ətrafında birləşdirən vahid platforma olaraq tələbələrin maraqlarından çıxış edib öz fəaliyyətimizi qururuq. Qeyd edilən istiqamətdə ATB artıq onlarla layihə həyata keçirmişdir. Bu işdə tələbələrin də dəstəyini görmək bizim üçün çox xoş olardı.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev ölkədə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən söz açıb. O qeyd edib ki, artıq bir çox gənclər təşkilatları əsas olaraq tələbələrlə bağlı layihələr həyata keçirir.

Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqətli olmalı məqamları vurğulayıb. Tələbələrin gələcəyin menecerləri olduğunu qeyd edən Şahin Seyidzadə tələbələrə öz karyeraları qurmaqla bağlı bir neçə tövsiyyə verib.

Sonda tələbələri maraqlandıran suallara cavab verilib və bu ətrafda müzakirə aparılıb.

Son xəbərlər

Orphus sistemi