Yuxarı

Azərbaycanda təhsillə bağlı yeni dövlət agentliyi yaradılacaq

Təkliflər hökumətə göndərilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması üçün hökumətə təkliflər göndərilib. Hazırda müvafiq nazirliklər bu məsələyə baxır. Yaxın zamanlarda agentliyin yaradılması ilə bağlı müsbət qərar verilməsini gözləyirik". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Təhsil Nazirliyi tərəfindən dövlətin əlavə ştatlar yaratmaması şərti ilə nazirliyin daxili imkanları hesabına digər istiqamətlərdə vakant yerlərdən istifadə etməkdir.

Nazir müavini, həmçinin orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması məsələsinə də toxunub: "Hazırda bu istiqamətdə işlər aparılır. Lakin bu barədə geniş məlumat verilməsi hələlik mümkün deyil, çünki bu, bir sıra amillərdən asılıdır. Belə ki, ölkənin bu və digər bölgəsində mövcud olan ilk peşə ixtisas təhsili müəssisələrinin mövcudluğu, onların bütün istiqamətlər üzrə peşə təhsili verməsinin imkanının olub-olmaması, eləcə də həmin ərazidə insanların təlabatları, tələb və təklifləri nəzərə alınmalıdır. Bundan başqa, ucqar yerlərdə olan insanların peşə təhsili almasında olan problemlər aradan qaldırılmalıdır. Təbii ki, bu məsələ ciddi təhlil tələb edir.

Eyni zamanda, peşə təhsili sahəsində təklif olunan ixtisasların sayı kifayət qədər çoxdur. Orta məktəblər səviyyəsində peşə siniflərinin istiqamətləri daha məhdud ola bilər. Çünki hər bir peşə istiqaməti üzrə orta məktəb bazasında peşə təhsili vermək imkanı olmaya bilər. Ona görə də bütün çatışmazlıqları nəzərə alaraq, hazırda bu istiqamətdə tədqiqatlar aparılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi