Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili: təhsildə nə dəyişib? - RƏY

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili: təhsildə nə dəyişib? - RƏY Bakı. 24 oktyabr. REPORT.AZ/ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının imzalanmasının 5 ili tamam olur. Strategiyanın qəbulundan ötən beş il ərzində təhsildə hansı dəyişikliklər, nə kimi yeniliklər baş verib?
Elm və təhsil
24 Oktyabr , 2018 15:37
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının imzalanmasının 5 ili tamam olur. Strategiyanın qəbulundan ötən beş il ərzində təhsildə hansı dəyişikliklər, nə kimi yeniliklər baş verib?

"Report" bununla bağlı tanınmış ictimaiyyət nümayəndələri ilə sorğu keçirib. 

Xalq yazıçısı Çingiz Abdullayev deyib ki, strategiya çərçivəsində həyata keçirilən müəllimlərin işə qəbulu imtahanını izləyib: "Eyni vaxtda 800 nəfər imtahan verirdi. Bütün suallar kompüterlərdə verilirdi. Burada bizim xalqın və ölkənin gələcəyi formalaşır. Bizimlə yanaşı, ölkəmizin ucqar kəndlərindən olan gənc müəllimlər də iştirak edirdilər. Həqiqətən zaman dəyişir. Şəffaf seçimi təqdir edirəm. Çatışmayan şeylər də gələcəkdə öz həllini tapacaq. Düşünürəm ki, XXI əsrin müəlliminin seçilməsində tətbiq olunan metod ən yaxşılardandır".

Xalq yazıçısı Çingiz Abdullayev

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, Təhsil Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib: "Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və sair bu kimi sahələrdə mühüm irəliləyişlər, uğurlar əldə olunub".

Deputat Zahid Oruc bildirib ki, strategiyanın qəbulundan ötən 5 il ərzində ilk növbədə təhsil sistemində köklü islahatlar aparılıb: "Bu, müəllim ordusunun ictimai nüfuzunun qaldırılması, sosial statusunun dəyişməsi, əməkhaqlarının artması ilə bağlıdır. Digər tərəfdən cəmiyyətin təhsil sisteminə əlçatanlığı təmin olunub. Bu imkan verib ki, bütün ictimai diskussiyaları nazirlik özü qarşılasın, təşəbbüskarlığı özü etsin, bunun nəticəsində media məkanına daxil olan mənfi xəbərlərin kütləsi də fərqli şəkildə azalıb, məktəbi, universiteti cəmiyyətin nəzərindən salan tendensiyaları sındırmaq mümkün olub. Son 5 ildə xüsusilə korrupsiya ilə bağlı təhsil sahəsində nəzərəçarpacaq dəyişiklər baş verib".

Deputat Zahid Oruc

Sosioloq Əli Əliyev qeyd edib ki, strategiyanın qəbulundan ötən müddət ərzində xeyli işlər görülüb: "İlk növbədə təhsil nazirinin komandası tərəfindən korrupsiyaya qarşı ciddi mübarizə aparılır, neqativ hallar aradan qalxıb. Müəllimlərin işə qəbulunda şəffaflıq təmin olunub. Cəmiyyətlə əlaqələr daha da yaxşılaşıb".

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, artıq 5 ildir ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə başlanılıb: "Əslində 5 il təhsil sistemində önəmli nəticələrə nail olmaq və dəyərləndirmə aparmaq üçün olduqca qısa zaman kəsiyidir. Amma buna baxmayaraq, bu müddət ərzində böyük bir məsafə qət olunub. Strategiyanın qəbulundan ötən 5 il ərzində əldə olunan ən böyük nəticə təhsil sistemində şəffaflığın təmin edilməsidir. Zənnimcə, bu, çox mühüm nəticədir. İnkişaf şəffaflıqdan, seçilən yolun doğruluğundan başlayır. Təhsil strategiyası doğru yolla doğru hədəflərə çatmağın yeganə vasitəsidir".

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, 5 il ərzində strategiyada qarşıya qoyulan beş əsas istiqamət üzrə mühüm işlər görülüb: "Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilin əhatəliliyi əhəmiyyətli dərəcədə genişlənib. Strategiyanın uğurlu nəticələrindən biri I siniflərə qəbulun sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Peşə təhsilində islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı ciddi şəkildə artıb. Strategiyanın həyata keçirildiyi illər ərzində azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə ediblər. Təhsil sahəsində islahatlar nəticəsində diaqnostik qiymətləndirilməsi aparılan 150.000-ə qədər müəllimin əməkhaqqı artırılıb". 

Son xəbərlər

Orphus sistemi