Ceyhun Bayramov: "Təhsil sahəsində bir çox çağırışlar əksər ölkələrdə oxşar xarakter daşıyır"

Ceyhun Bayramov: "Təhsil sahəsində bir çox çağırışlar əksər ölkələrdə oxşar xarakter daşıyır" Nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti II Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edib
Elm və təhsil
16 Aprel , 2015 20:19
Ceyhun Bayramov: Təhsil sahəsində bir çox çağırışlar əksər ölkələrdə oxşar xarakter daşıyır

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti II Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edib. 

Nazirlikdən "Report"a verilən xəbər görə, nümayəndə heyəti Rusiyanın baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə baş tutan açılış mərasiminə qatılıb.

Açılışdan sonra Rusiya təhsil və elm nazirinin müavini Venyamin Kaqanovun sədrliyi ilə "Yeni təhsil arxitekturası" mövzusunda ilk plenar sessiya keçirilib.

Nazir müavini Ceyhun Bayramov bu plenar sessiyada fəxri qonaq kimi iştiraka dəvət olunub.

C.Bayramovu plenar sessiyanın iştirakçılarına təqdim edərkən V.Kaqanov Azərbaycana son səfəri zamanı ölkənin əldə etdiyi nailiyyətlərin, o cümlədən təhsil sahəsində islahatların onda xoş təəssüratlar doğurduğunu nəzərə çatdırıb.

C.Bayramov öz çıxışında Təhsil Salonunun təşkil olunmasında Rusiya tərəfinin fəaliyyətini yüksək qiymətləndirib. O, Təhsil Salonunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli forum olduğunu bildirib. Təhsil sahəsində bir çox çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını, təhsilin keçmişdəki çərçivəsindən kənara çıxdığını, elm, iqtisadiyyat və sosial sahə ilə öncəkindən daha çox bağlantısının olduğunu vurğulayan nazir müavini daha böyük səmərəlilik üçün yeni yanaşmaların müəyyən olunmasının vacibliyini diqqətə çatdırıb. C.Bayramov oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, Rusiyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

Təhsil Salonunun birinci günündə Azərbaycan nümayəndə heyəti salon çərçivəsində təhsil xidmətlərinin sərgisi ilə tanış olub, bir sıra təhsil müəssisələri və biznes qurumları ilə qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələr aparıb.

Son xəbərlər

Orphus sistemi