Yuxarı

Yerdəyişmə ilə bağlı Təhsil Nazirliyinə ən çox müraciət edənlər ibtidai sinif müəllimləridir

Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu başa çatıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, 10 gün davam edən elektron ərizə qəbulu dövründə 3 216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3 425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib.

Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1 303 nəfərin ərizəsi təsdiq olunub.

Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.

Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanan müəllimlər üçün iyunun 17-də eyni ünvanda müsahibələr təşkil ediləcək.

www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi