Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyində yeni təyinat olub

    Firuzə Sultan-zadə Dünya Bankının Mədəni irsin qorunması layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib

    Bakı. 25 fevral. REPORT.AZ/ Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

    Mərkəzə direktor təyin olunan Firuzə Sultan-zadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi F.Sultan-zadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən "Bioekologiya" kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.

    1999-cu ildən elmi-ictimai "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin rəhbəridir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub.

    Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultan-zadə Dünya Bankının "Mədəni irsin qorunması" layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən YUNESKO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir.

    Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə "Dədə Qorqud" Milli Fondu tərəfindən "Qızıl ürək" ordeni, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi