Yuxarı

Təhsil Nazirliyi: Yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti aşağı düşüb

Tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının və icra nümayəndəliklərinin diqqətindədir

Bakı. 26 yanvar. REPORT.AZ/ "Qış mövsümünə hazırlıq və qarlı-şaxtalı havalarda məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir. Lakin kəndlərdə, xüsusilə dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edir". Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

"Yerlərdən alınmış məlumata əsasən, əksər dağlıq ərazilərdə qarın hündürlüyü 50-60 sm-ə çatıb. Hava şəraitinin pisləşməsi nəticəsində bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən aşağı düşüb", - nazirlikdən vurğulanıb.

Nazirlikdən xatırladılıb ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır: "Tətil müddətində məktəblərdə hava şəraiti ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün yerli orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi