Yuxarı

Təhsil Nazirliyi: Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar

Dərsliklərin böyük hissəsi yeni olacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilir ki, yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar: "Kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Əvvəlki illərdə hazırlanması baş tutmayan V sinif "Alman dili" və "Ərəb dili", eləcə də, VII sinif "Fransız dili" dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək. Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır".

Bundan başqa, yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunan və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi