Yuxarı

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb

Dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir

Bakı. 8 fevral. REPORT.AZ/ Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, artıq neçə ildir ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilən dərsliklər istifadəyə verilir: "Sonradan dərsliklərin məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur".

Məlumata görə, 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanan 9-cu sinif dərslikləri istifadəyə veriləcək: "Çapa verilməzdən öncə ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur".

Sayta daxil olaraq "Bütün siyahı" düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür: Ətraflı tanış olmaq üçün dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləmək mümkündür. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar".

Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi