Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi xarici vətəndaşların Azərbaycanda təhsil alması ilə bağlı edilən yenilikləri açıqlayıb

    Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb

    Bakı. 18 may. REPORT.AZ/ Təhsil Nazirliyi xarici vətəndaşların Azərbaycanda təhsil alması ilə bağlı edilən yenilikləri açıqlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sistemlərinin inteqrasiyasına nail olunması Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub. 

    Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması qaydaları ölkənin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyinin artırılmasına və təhsilin beynəlmiləlləşməsinə kömək edəcək: "Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı.

    Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycanın təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri halda, həmçinin Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara uyğun olaraq, müvafiq dil biliyi sertifikatı olan şəxslər dil biliyinin yoxlanmasından azad olunurlar.

    Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi