Təhsil Nazirliyi: "Tələbələr I semestrdən sonra təqaüdlərini ala biləcəklər"

Təhsil Nazirliyi: "Tələbələr I semestrdən sonra təqaüdlərini ala biləcəklər" Sektor müdiri: "Aşağı nəticə göstərən tələbələr təqaüd almayacaq"
Elm və təhsil
11 Noyabr , 2015 12:07
Təhsil Nazirliyi: Tələbələr I semestrdən sonra təqaüdlərini ala biləcəklər

Bakı. 11 noyabr. REPORT.AZ/ "Bu günə qədər ancaq dövlət sifarişi əsasında oxuyan tələbələr təqaüd alırdı. Ancaq bundan sonra ödənişli əsaslarla təhsil alanlar da təqaüd alacaq. Bu da həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə aiddir". "Report" xəbər verir ki, bunu noyabrın 11-də keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov deyib. 

Prezident İlham Əliyevin noyabrın 10-da imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamında nəzərdə tutulan məsələlərə toxunun sektor müdiri bildirib ki, tələbələr 2014-2015-ci tədris ilinin I semestrdən sonra təqaüd ala biləcəklər: "Təqaüdlərin həddi müəyyənləşib. İxtisas üzrə oxuyanların hansı bala uyğun akademik nəticə göstərməsinə görə təqaüdlərin həcmi bəllidir. Təbii ki, aşağı nəticə göstərən tələbələr onsuzda heç bir təqaüd almırdı. Bundan sonra da nəticə belə olacaq".

S.Gözəlov qeyd edib ki, orta ixtisas təhsili müəssisələrində bir çox tələbənin təyin olunmuş akademik göstəricilərinin eyni olması mümkündür: "Bu zaman isə ödəniləcək təqaüd semestr nəticələrinə görə ən yüksəkdən başlayan sıralamada tutduğu yerə əsasən müəyyən ediləcək".  

Onun sözlərinə görə, hətta ödənişli əsaslarla qəbul olan tələbə də semestr nəticəsində yüksək nəticə göstərib təqaüd ala bilər: "Ona görə də qəbul olunan qərar tələbələr arasında rəqabət yaradacaq və haqqı çatan təqaüd alacaq".

Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə deyib ki, yalnız TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək dövlət sifarişi əsasında oxuyan tələbələr I semestrdə təqaüdlərini alacaqlar: "Digər tələbələr isə I semestrdən sonra yeni qaydalar əsasında təqüdlərini ala biləcəklər".

N.İbrahimov qəbul olunan qərarın tək bu il yox, əvvəlki illərin tələbələrinə şamil edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O əlavə edib ki, bununla bağlı Nazirlər Kabinetinə tapşırıq verilib: "Çox güman ki, bu tək 2015-ci ildə təhsil müəssisələrinə qəbul olan tələbələr üçün deyil, əvvəlki illərdə qəbul olan tələbələrə də şamil ediləcək. Nazirlər Kabinetinin qəbul edəcəyi qərarı gözləmək lazımdır".

O qeyd edib ki, bu, MBA sistemi ilə təhsil alanlara şamil olunmur: "Çünki onlar TQDK-nın keçirdiyi qəbul imtahanları ilə ali təhsil müəssisələrinə gəlmirlər".

Son xəbərlər

Orphus sistemi