Yuxarı

Təhsil Nazirliyi ötən tədris ilinin yekunlarına görə qızıl və gümüş medal alanların sayını açıqlayıb

131 nəfər qızıl, 21 nəfər isə gümüş medalla təltif edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.

Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınıb.

Həmçinin təhsildə yüksək nəticələr göstərən bir qrup məzun Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltifə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi