Təhsil Nazirliyi orta məktəbə mediatur təşkil edib - FOTO

Təhsil Nazirliyi orta məktəbə mediatur təşkil edib - FOTO Məqsəd ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlıq olub
Elm və təhsil
30 Mart , 2015 17:10
Təhsil Nazirliyi orta məktəbə mediatur təşkil edib - FOTO

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyi tərəfindən Bakı şəhərindəki 194 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. 

"Report" xəbər verir ki, mediaturun təşkilində əsas məqsəd KİV nümayəndələrinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarət olub.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbin hərbi hazırlıq kabineti ilə tanış olub, həmin vaxt 10b sinfində keçirilən çağırışaqədərki hərbi hazırlığı dərsini izləyiblər. Dərsdə nümunə olaraq AK-74 (5-45mm-lik), "RQD-5" əl qumbarası, tank və piyada əleyhinə mina, qaz əleyhinə maska, elektron silahlar, "Makarov" tapançadan istifadə olunub. Jurnalistlər sinfin bir neçə şagirdinin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

Hərbi müəllim İsmayıl Hüseynov bildirib ki, hazırda istifadə olunan silahlar təlim silahlarıdır: "Əvvəl maketdən istifadə olunurdu. Hazırda isə stimulyativ silahlardan istifadə olunur. Bu hərbi avadanlıqlar döyüşə yararlı deyil. Silahlar şüa ilə işləyir və elektron lövhədən istifadə olunur".

Mediatura "Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin sədri polkovnik Mehdi Mehdiyev, Azərbaycan hərb tarixini tədqiq edən Şəmistan Nəzərli, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Təhsil Nazirliyi təchizat şöbəsində bölmə müdiri Samir Məmmədov və başqaları da qatılıb.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Son xəbərlər

Orphus sistemi