Yuxarı

​Təhsil Nazirliyi: Orta məktəb məzunları arasında “2” qiyməti alanların sayı azalıb

“Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir”

Bakı. 23 dekabr. REPORT.AZ/ Son üç ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiyməti alanların sayı azalmaqdadır. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2012-ci illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb: “Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir”.

Eyni zamanda, 2014-2015-ci tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum - 700 bal toplayıb: “Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər ümumi təhsil məktəblərinə direktor təyin olunub. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb”.

Bundan başqa, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi