Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə təqdim olunan vakant yerlərin sayını açıqlayıb

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə təqdim olunan vakant yerlərin sayını açıqlayıb 563 vakansiya Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir
Elm və təhsil
3 İyun , 2016 15:11
Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə təqdim olunan vakant yerlərin sayını açıqlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3 091 vakant yer təqdim olunub. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 563 vakansiya Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim olunacaq vakansiyaların sayı isə yerdəyişmə müsabiqəsi yekunlaşdıqdan sonra müəyyənləşəcək. Vakansiyaların müəyyənləşdirilməsi yerli təhsili idarəetmə orqanları tərəfindən fənlər üzrə mövcud dərs yükü və müəllimlərin sayı daxil edildikdən sonra sistem tərəfindən hesablanır. Əgər dərs yükü bölünə bilərsə, yuxarı hədd saxlanılmaq şərti ilə vakansiya elan edilmir və onun mövcud müəllimlər arasında bölüşdürülməsi təmin edilir. Bütün hallarda təhlildən sonra vakansiyalar elan olunur.

Qeyd edək ki, Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna iyunun 1-dən başlanıb və 12-nə kimi davam edəcək. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər. Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil ediləcək. 

Birinci mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. 

İkinci mərhələdə (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir. 

Üçüncü mərhələdə (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. 

Dördüncü mərhələdə (müsahibə) isə test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Bu ildən etibarən seçilmiş vakant yerlərdən imtina hallarınının aradan qaldırılması və tutulmayan vakansiyaların sayının azaldılması məqsədilə vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib.

Son xəbərlər

Orphus sistemi