Yuxarı

Təhsil Nazirliyi icbari təhsildən yayınma halları ilə bağlı yazılanlara münasibət bildirib

Emin Əmrullayev: Azərbaycanda icbari təhsil dünyada olduğu kimi yüz faiz təmin edilə bilməz

Bakı. 6 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi icbari ümumi orta təhsildən yayınma halları ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib.

"Report" xəbər verir ki, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, ilk növbədə icbari təhsildən yayınmanın metodologiyasını araşdırmaq lazımdır: "Birinci sinfə gələn uşaqlarla doqquzuncu sinfə gələnlər arasındakı fərq məktəbdən yayınmaq kimi qəbul olunur. Lakin bu, düzgün deyil. Məktəbdən yayınmaqla bağlı bir neçə səbəbləri araşdırmışıq. Səbəblər müxtəlifdir. Bəzi uşaqlar birinci sinfə ölkə ərazisində getsə də, amma müəyyən yaşından sonra təhsilini Azərbaycandan kənarda davam etdirir. Bu da icbari təhsildən yayınma hesab olunmur".

Onun sözlərinə görə, bir qisim uşaq sağlamlıq imkanlarını itirdiyinə görə təhsildən kənarda qalır: "Bu rəqəmlər böyük olmasa da, kifayət göstərici ola bilər. Həmçinin, bu illər ərzində vəfat edən uşaqlar da var. Eyni zamanda, miqrasiya məsələsi də var. Nəzərə almalıyıq ki, 2005-ci ildə ölkədə uşaqların qeydiyyata alınması ilə bağlı elektron sistemlər bugünkü kimi elə də mükəmməl deyildi. Hazırda məktəbə gəlib uşaqları şəxsiyyət vəsiqəsinin nömrələri ilə tam dəqiqliyi ilə saya bilirik. 2005-ci ildə isə məktəblərdə əllə yazılan statistik məlumatlar əsasında yekun nəsə deyilə bilirdi. Təbii ki, 4 400 məktəbdə rəqəmlərdə şişirtmələrin olması gözləniləndir. Bunun da obyektiv səbəbləri var. Çünki əvvəllər uşaqlarını birinci sinfə iki dəfə qoyan ailələr var idi. Hazırda belə hal mümkün deyil".

E.Əmrullayev qeyd edib ki, Azərbaycanda icbari təhsil dünyada olduğu kimi yüz faiz təmin edilə bilməz: "Lakin bu kimi halların sayı getdikcə azalır. Bunun da səbəbi məlumat sisteminin daha da mükəmməlləşməsidir. Məsələn, 2010-cu ildə birinci sinfə gələn uşaqlar altıncı sinifdə oxuyanda icbari təhsildən yayınma halları 1,3 faiz müşahidə olunub".

Şöbə müdiri vurğulayıb ki, bəzi hallarda qızların təhsilə cəlb olunmasında da müəyyən problemlər var: "Bu da bütün ölkələrin təhsil sistemi üçün keçərlidir. Məsələnin kökünü araşdırıb bunun aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə iş aparmağın tərəfdarıyıq. Eyni zamanda, 2003-cü ildə birinci sinfə gələnlərin 25-26 faizi məktəbə bir yaş (7 yaşında) gec gəlib. Apardığımız araşdırma onu göstərir ki, həmin uşaqların da "2" almaq şansı daha çoxdur. Bu da yaşla yox, həmin evlərdə olan təhsil mühiti ilə bağlıdır. Bu gün ölkədə 10 faiz uşaq məktəbə gec gəlir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi