Yuxarı

Nazirlik: Ötən il 6000-dən artıq müəllim işə qəbul olunub, 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib

Bakı. 2 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi 2018-ci ildə görülən işlərlə bağlı hesabat açıqlayıb.

“Report” xəbər verir ki, hesabata əsasən, ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib.

Qeyd olunub ki, bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

2018-2019-cu tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

Hesabatda bildirilib ki, 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. Ötən il Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. 2018-ci ildə 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.

Hesabata əsasən, 2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir. 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Qeyd olunub ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

Nazirlikdən bildirilib ki, ötən il ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.

2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi