Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır

Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır Bu ildən müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək
Elm və təhsil
26 May , 2017 13:00
Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır
Report.az

Bakı. 26 may. REPORT.AZ/ "Bu il kifayət qədər, yəni 6000-dən çox vakant müəllim yerləri olacaq".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə də şans veriləcək: "Diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün şans veriləcək. Lakin bununla yanaşı qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol görünmür. İstəyirik ki, təhsil mühiti yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun".

C.Valehov əlavə edib ki, zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır.

Nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, müəllimlərin eyni şəhər və rayon daxilində iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklər var: "Bu ildən müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı onun diaqnostik qiymətləndirmədəki göstəriciləri də son qərarda nəzərə alınacaq. Bu, yekun qərara təsir edən amillərdən biri hesab olunacaq”.

O qeyd edib ki, bu günə qədər yerdəyişmə prosesi yerli təhsil idarə orqanları tərəfindən aparılırdı: “Lakin bu ildən Təhsil Nazirliyi bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirəcək. Müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlər proqram təminatına daxil olmaqla qeydiyyatdan keçməlidirlər. Diaqnostik qiymətləndirmədən sonra 150 minə yaxın müəllimin nəticəsi əlimizdə olacaq".

E.Bağırov əlavə edib ki, diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərin sayı kifayət qədərdir: “İlk addımda onları ixtisar edəcəyik. Hətta bu gün zəif nəticə toplayan müəllimlərdən öz ərizələri ilə işdən çıxmağa razılıq verənlər də var”.

Müəllimlərin yerdəyişmə prosesi 26 may – 15 iyun tarixlərində təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi