​Təhsil Nazirliyi: Diplomların verilməsi prosesinin avtomatlaşdırılması üzərində iş aparılır

​Təhsil Nazirliyi: Diplomların verilməsi prosesinin avtomatlaşdırılması üzərində iş aparılır "Bəzən müəssisələrdən bizə daxil olan blanklarda texniki yanlışlıqlar olur"
Elm və təhsil
10 Fevral , 2015 12:16
​Təhsil Nazirliyi: Diplomların verilməsi prosesinin avtomatlaşdırılması üzərində iş aparılır

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda diplomların verilməsi prosesinin avtomatlaşdırılması üzərində iş aparılır.

“Report”un xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib.

“Hazırda ali təhsil müəssisələri nazirliyə məzunların siyahısını təqdim edirlər. Həmin siyahının yoxlanılması da müəyyən vaxt alır. Ona görə də biz çalışırıq ki, siyahılar informasiya sisteminin əsasında formalaşsın. Tədris ilinin sonuna kimi ali məktəblər tərəfindən möhürlə təsdiq edildikdən sonra diplom blankları ali məktəblərə verilsin. Bu da diplom verilişini sürətləndirəcək”.

Şöbə müdiri qeyd edib ki, hazırda əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla, diplomların vahid elektron bazası hazırlanır: “Yaxın vaxtlarda bütün diplomlar elektron formada olacaq. 2012-ci buraxılış ilində ali təhsil ixtisasları üzrə 33 891 ədəd, orta ixtisas üzrə 15 217 ədəd, 2013-cü ildə isə ali ixtisas üzrə 35 108 ədəd, orta ixtisas üzrə 11 753 ədəd diplom haqda məlumatlar elektron hökumət portalında yerləşdirilib. Gələcəkdə müstəqillik dövründəki bütün diplomların həmin sistemdə yerləşdirilməsi planlaşdırılır.

Diplomların elektron formasına baxmaq üçün axtarış bölməsinə şəxsin adının, soyadının və ata adının baş hərfini, həmçinin diplom işinin nömrəsini qeyd etmək lazımdır. Amma bəzən müəssisələrdən bizə daxil olan blanklarda texniki yanlışlıqlar olur və bu faktları dəqiqləşdirmək vaxt alır. Bu səbəbdən bu istiqamətdə fəaliyyət ləngiyir. Belə yanlışlıqlar baş verməsin deyə, diplomlar haqqında informasiya sistemi hazırlanır”.

O bildirib ki, Təhsil Nazirliyi üçün elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama sisteminin hazırlanması üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi