Yuxarı

Təhsil Nazirliyi dərsliklərlə bağlı sosial şəbəkələrdə yer alan tənqidi fikirlərə münasibət bildirib

“Həmin dərsliklər nazirliyin və TQDK-nın kifayət qədər ekspertizasının nəzarətindən keçir”

Bakı. 22 sentyabr. REPORT.AZ/ "10-cu sinif Azərbaycan dili dərsliyində İsmayıl Şıxlının “Dəli kür” əsərindən bir parça yer almışdı. Dildə nəyisə qadağan etmək, öyrətməmək mümkünsüzdür. Dildə işlədilən yaxşı sözlə yanaşı, cəmiyyətdə deyilməsi mümkün olan sözlər də var. Məqsədimiz məktəblilərin həmin dərslikdə istifadə olunan ifadələrdən xəbərdar olub həmin sözlərdən harada və nə üçün işlədildiyini bilməsidir". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev dərsliklərlə bağlı sosial şəbəkələrdə yer alan fikirlərə münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, 8-ci sinif dərsliyində də buna oxşar və fərqli kontekstdə işlədilən nitq məsələləri ilə bağlı fikirlər yer alıb: "Səhv fikir formalaşıb ki, ədəbiyyatla Azərbaycan dili sintez olunmalıdır. Sovet dövründə elmin əsaslarını gündəmə gətirmişdilər. Bu gün isə nitq fəaliyyətinin öyrədilməsini şagirdə aşılamağı hədəf seçmişik. Dərslikdə canlı danışıq dilində istifadə olunan sözlər yer alıb. Bu da şagirdə danışıq və davranışda bir mədəniyyət anlayışını öyrədir. Mətndən görünür ki, kobud və adi məişət dilində danışan şagird tənbəl şagirddir. Biri küçədə gəzməyə üstünlük verirsə, digəri oxumağa maraq göstərir. Bu cür danışıq hər kəs tərəfindən qəbul olunmayan danışıqdır. Şagirdə də məhz bu öyrədilir.

Bəziləri hesab edir ki, müəllif mətni bura təsadüfən yalnış olaraq salıb. Mətn dərsliyə standartlara uyğun olaraq salınıb. Həmin dərsliklər nazirliyin və TQDK-nın kifayət qədər ekspertizasının nəzarətindən keçir. Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olaraq həmin fənlərin dərsliklərini diqqətlə oxuyuram. Dil elə hadisədir ki, burada nəyisə haradasa işlətməyi heç kimə qadağan edə bilmərik. Ona görə də cəmiyyət bilməlidir ki, bu kimi sözlər adi həyatda səsləndirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi