Bakı. 18 sentyabr. REPORT.AZ/
Nazir müavini deyib ki, Təhsil Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə paylanılıb: "Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi olsa belə vətəndaşlar özləri dərslik almamalıdır. Çünki kifayət qədər dərslik ehtiyatı var və məsələ tez bir zamanda öz həllini tapacaq. Yaxud da hansısa təhsil müəssisəsi məktəb direktoruna dərsliklərin alınması üçün tövsiyələr etsə, bu barədə Təhsil Nazirliyinə müraciət edilməlidir. Çünki bununla bağlı çox ciddi tədbirlər görüləcək".
"Bəzən elə vətəndaşlar deyir ki, bu, yeni dərslik deyil və mən bunu götürmürəm. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda təsdiq olunmuş dövlət standartlarına uyğun olaraq dərsliklərin istifadə müddəti 4 ildir. Ona görə də biz istisna etmirik ki, siniflər və fənlərdən asılı olaraq uşaqlara verilən dərsliklər 1- 2 il, bəzi hallarda hətta 3 il müddətində istifadə olunan dərsliklər ola bilər. Lakin hər bir şagird və valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dərslikdən istifadə etməlidir", - nazir müavini fikirlərinə əlavə edib.