Təhsil naziri ümumtəhsil məktəblərində dərs ilinin uzadılması ilə bağlı əmr imzalayıb

Təhsil naziri ümumtəhsil məktəblərində dərs ilinin uzadılması ilə bağlı əmr imzalayıb Ölkənin bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər
Elm və təhsil
2 Dekabr , 2014 16:06
Təhsil naziri ümumtəhsil məktəblərində dərs ilinin uzadılması ilə bağlı əmr imzalayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qərarının yerinə yetirilməsi ilə əlaqədar əmr imzalayıb. Nazirlikdən “Report”a bildirilib ki, əmrə əsasən, 2015/2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq və dərs ili iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr - 26 yanvar, İkinci yarımil: 1 fevral - 14 iyun tarixlərində müəyyən olunub.

Payız tətili noyabrın 16-dan 20-dək, qış tətili yanvarın 27-dən 31-dək, ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən, respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Əmrdə həmçinin qeyd olunur ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi