Yuxarı

Təbabətdə izotopların tətbiqi istiqamətində tədqiqat işləri aparılacaq

Akif Əlizadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini ilə görüşüb

Bakı. 18 aprel. REPORT.AZ/ AMEA Rəyasət Heyətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qonaqları salamlayan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın 2001-ci ildən AEBA ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, görüşün əsas məqsədi Akademiya ilə AEBA arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsidir.

Sonra AEBA-nın baş direktorunun müavini Dazhu Yanq çıxış edib. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılışı məqsədilə ölkədə səfərdə olduğunu söyləyən qonaq yeni mərkəzin təsis edilməsini ölkə təbabəti sahəsində müsbət addım kimi dəyərləndirib. O, Nüvə Təbabəti Mərkəzində xərçəng xəstəliklərinin müalicəsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

D.Yanq səfər çərçivəsində Azərbaycan hökumətinin bir çox səlahiyyətli nümayəndələri ilə görüşərək aktual məsələlərə dair müzakirələrin aparıldığını deyib. Eyni zamanda, "İzotop" xüsusi kombinatı, Nüvə radiaktiv tullantıları kombinatını ziyarət edərək orada görülən işlərlə tanış olub

Qonaq səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi sahələrində nüvə texnologiyalarının tətbiqi barədə də məlumat verib. O, təmsil etdiyi qurumun xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

D.Yanq bildirib ki, AEBA ilə AMEA-nı bir araya gətirən əsas səbəb 2018-2019-cu illər üçün nəzərdə tutulan texniki sahədə əməkdaşlıqdır. Azərbaycanın müxtəlif qurumları may ayının sonuna kimi əməkdaşlığa dair layihələr hazırlamalı və AEBA-ya müraciət etməlidirlər.

Qonaq təmsil etdiyi qurumun həyata keçirdiyi müştərək layihə proqramlarından söz açaraq qeyd edib ki, bu kimi layihələr qurumun digər üzv ölkələrilə birlikdə tədqiqat layihələrinin hazırlanmasını nəzərdə tutur. Qonaq AMEA alimlərini də müştərək layihələrdə iştirak etməyə dəvət edib.

Akademik A.Əlizadə isə müasir avadanlıqlarla təchiz olunmuş Nüvə Təbabəti Mərkəzinin nüvə təbabəti sahəsində mühüm uğurlara imza atacağına əminliyini ifadə edib. Qeyd edib ki, həmin avadanlıqlar vasitəsilə təbabətdə izotopların tətbiqi istiqamətində tədqiqat işləri aparmaq mümkün olacaq.

Görüşdə həmçinin iki qurum arasında, kadr və təcrübə mübadiləsinin aparılması, birgə seminar və konfransların keçirilməsi məsələləri müzakirə edilib, bir sıra təkliflər səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi