Yuxarı

Tbilisidəki Azərbaycandilli məktəbdə yeni dərs ili başlayıb

Tbilisidəki Azərbaycandilli məktəbdə yeni dərs ili başlayıb
I sinfə 27 şagird qəbul olunub
© Report

Tbilisi. 17 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, mərasim Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Salman Pirməmmədov məktəbliləri, valideynləri və müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Direktor bildirib ki, 2017-2018-ci tədris ilində məktəbin 16 məzununun hamısı ali məktəblərə qəbul olub: “Məktəbimiz Gürcüstanda məzunların ali məktəbə qəbul olma göstəricisinə görə ilk yerlərdən birini tutur. 16 məzunun 7-si ali məktəbdə dövlət hesabına ali təhsil alacaq. İki məzunumuz isə Türkiyə və Rusiyanın ali məktəblərinə qəbul olub. Biz məzunlarımızla fəxr edirik”.

S.Pirməmmədov qeyd edib ki, 2018-2019-cu tədris ili üçün məktəbin I sinfinə 27 şagird qəbul olunub: “Onlardan ikisi İran, biri isə Türkiyə vətəndaşlarının övladlarıdır. Məktəbimizdə ümumilikdə 270 şagird təhsil alır. Azərbaycan və Gürcüstan dövləti məktəbimizin fəaliyyətinə hər zaman dəstək göstərir”.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Hidayətoğlu şagird və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara müvəfəqiyyətlər arzu edib.

Tədbirdə həmçinin Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev, hüquqşünas Fərhad Musayev və digər şəxslər iştirak ediblər.

Sonda I sinif şagirdlərinə Gürcüstan hökuməti tərəfindən təqdim olunmuş netbuklar hədiyyə olunub.

Gürcüstanda yerləşən digər Azərbaycandilli məktəblərdə də yeni dərs ilinin başlanması qeyd olunub. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qardabani rayonunun Qaratəhlə, Ağtəhlə və Qaracalar kəndlərində olan məktəblərə baş çəkərək, müəllim-şagird heyətini yeni dərs ili münasibətilə təbrik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi