Yuxarı

Tarix Muzeyinə e.ə. IV-I əsrlərə aid yeni arxeoloji eksponatlar daxil olub - FOTO

Tapıntıların hamısı məişətdə istifadə olunmuş geyim, sinə və baş bəzəkləridir

Bakı. 18 may. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinə e.ə. IV-I əsrlərə aid yeni arxeoloji eksponatlar daxil olub.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, muzeyə beş ədəd bədii tunc məmulatı təhvil verilib. 

Bunlar 2016-cı ildə Qobustan rayonunda özül qazılarkən tapılmış pilək, muncuq düzümü, at fiquru, sancaq və bəzək əşyasıdır. Tapıntıların hamısı məişətdə istifadə olunmuş geyim, sinə və baş bəzəkləridir. Saxlanma vəziyyətlərinə görə dörd ədədi natamam, yalnız biri (at fiquru) tamdır. Bəzilərinin səthi yaşıl oksidlə örtülüb. 

Məmulatlar əsasən mum modelləri vasitəsilə hazırlanıb. Onların hazırlanmasında tökmə, döymə, kəsmə, sıxma, burma, əymə, cilalama, lehimləmə və zərbetmə kimi texniki üsullardan da istifadə olunub. Tapıntıların dövrünə gəldikdə isə, müqayisəli təhlillər əsasında onların antik dövrə, daha dəqiq desək e.ə. IV-I əsrlərə aid olması ehtimal edilib. Belə ki, bu nümunələrə oxşar tapıntılar Mollaisaqlı (İsmayıllı rayonu) və Nərgizəva (Ağsu rayonu) abidələrindən də məlumdur. 

Hazırda adları çəkilən abidələrdən tapılmış bəddi tunc məmulatının ən nəfis nümunələri muzeyin ekspozisiyasında nümayiş etdirilir. Təhvil verilən beş ədəd nümunə də Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradır. Bununla belə bu tapıntılar Qafqaz Albaniyası əhalisinin məişətini, bədii zövqünü və ideoloji təsəvvürlərini özündə əks etdirən məxəz kimi də çox dəyərlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi