Tarixçi-alim Məmmədəli Paşayevin 90 illik yubileyi keçirilib

Tarixçi-alim Məmmədəli Paşayevin 90 illik yubileyi keçirilib Tədbir iştirakçılarına Məmmədəli Paşayevin həyatından bəhs edən “Ömür döngələri” kitabı hədiyyə edilib
Elm və təhsil
24 Aprel , 2017 17:52
Tarixçi-alim Məmmədəli Paşayevin 90 illik yubileyi keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Fəxri professoru Məmmədəli Paşayevin 90 illik yubileyi qeyd olunub.

“Report”un məlumatına görə, tədbirdə universitetin professor-müəllim heyəti, yubilyarın tələbələri və ailə üzvləri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov 90 illik yubileyi münasibətilə Məmmədəli Paşayevi universitet kollektivi adından təbrik edib. O bildirib ki, həyatının böyük bir hissəsini kadr hazırlığına həsr edən Məmmədəli Paşayev universitetin dəyərli xəzinəsidir: “Bu illər ərzində o, tarix elminin inkişafına əvəzsiz töhfələr verib. Universitetdə çalışdığı 50 ildən artıq əməyi istər universitet, istərsə də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Fəxri professor və Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb”.

Yubilyara iqtisadçı kadrların hazırlanmasında xidmətlərinə və uzunmüddətli pedaqoji fəaliyyətinə görə UNEC-in və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim edilib.

UNEC-in professoru Hidayət Cəfərov alimin ömür yoluna nəzər salaraq, onun ağır həyat sınaqlarından şərəflə çıxdığını və ən yüksək zirvəyə ucaldığını vurğulayıb. Məmmədəli müəllimin həmin zirvəyə ağlının, zəkasının, zəhmətinin, əməksevərliyinin, əqidə möhkəmliyinin və iradəsinin hesabına yüksəldiyini söyləyib.

Tədbirdə UNEC-in professorları, millət vəkili Xanhüseyn Kazımlı, Zahid Məmmədov, Asiman Quliyev, Prezident Administrasiyasının məsul işçisi Xıdırnəbi Qaralov, jurnalist Qurban Cəbrayıl yubilyarı qabaqcıl alim kimi qiymətləndirərək, onun yüksək səviyyəli mütəxəssis, tələbə, alim və övlad yetişdirən əsl ziyalı olduğunu bildiriblər.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə, kollektivinə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirən Məmmədəli Paşayev həyatının böyük hissəsini həsr etdiyi azərbaycançılıq ideologiyasından danışıb. Milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsində azərbaycançılıq ideologiyasının rolunu vurğulayıb.

Yubilyar müəllim və tələbələrə əsl azərbaycanlı kimi yetişməyi, təhsilə, elmə yüksək qiymət verməyi tövsiyə edib: “Təhsili qoruyun, o sizə şəxsiyyət verəcək!”

Tədbir iştirakçılarına Məmmədəli Paşayevin həyatından bəhs edən “Ömür döngələri” kitabı hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi