Təhsil Nazirliyi: Sumqayıtda şagirdi döyərək onun ləyaqətini alçaldan müəllim vəzifəsindən azad edilib

Təhsil Nazirliyi: Sumqayıtda şagirdi döyərək onun ləyaqətini alçaldan müəllim vəzifəsindən azad edilib Nazirlik adekvat münasibətə görə ictimaiyyətə təşəkkür edib
Elm və təhsil
14 Yanvar , 2016 12:50
Təhsil Nazirliyi: Sumqayıtda şagirdi döyərək onun ləyaqətini alçaldan müəllim vəzifəsindən azad edilib

Nazirlik adekvat münasibətə görə ictimaiyyətə təşəkkür edib

Bakı. 14 yanvar. REPORT.AZ/ “Sumqayıt şəhər 22 saylı tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bununla bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.

Təhsil Nazirliyi bu məsələyə adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcək”.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə şagirdlərə qarşı belə antipedaqoji hərəkətlərə yol verilərsə, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslər barədə ən ciddi tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi