Yuxarı
    Bağlamaq

    Son günlər baş verən geomaqnit qasırğalarının səbəbləri açıqlanıb

    Elçin Babayev: “Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək”

    Bakı. 31 oktyabr. REPORT.AZ/ “Hazırda Günəşin səthində nisbi sakitlik hökm sürür və “gündüz ulduzu”nun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur”.

    Bunu “Report”a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

    Onun sözlərinə görə, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub. E.Babayev bildirib ki, bu şkala üzrə maksimum G5 olur: “Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə enib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub”.

    Direktor müavini vurğulayıb ki, Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək: “Günəş alışmalarının başvermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək. Son günlərdəki qasırğaların səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub”.

    Onun fikrincə, bu gün yuxarı en dairələrindən fərqli olaraq, orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur: "Onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insnalar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və “aktiv istirahət” etməkdir. Meteroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər. Son günlər məhz bu hallar müşahidə olunurdu. Ümimiyyətlə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüdətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yarada bilər. Bu dəfə, belə hallar qeydə alınmayıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi