Yuxarı

“SOCAR UPSTREAM Management International" BANM-in tələbələrini mükafatlandırıb

Tələbələr şirkətdə istehsalat təcrübəsində yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirdiklərinə görə təltif olunublar

Bakı. 28 sentyabr. REPORT.AZ/ “SOCAR UPSTREAM Management International" MMC Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə III və IV kursda təhsil alan 7 tələbəsini sertifikat və mükafatlarla təltif edib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tələbələr bu ilin yayında sözügedən şirkətdə istehsalat təcrübəsində olduqları müddətdə yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirdiklərinə görə təltif olunublar.

Rektor Elmar Qasımov Ali Məktəbin tələbələri üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, bütün beynəlxalq şirkətlərlə, o cümlədən SOCAR və onun müəssisələri ilə əməkdaşlığı çərçivəsində hər il BANM-in tələbələri istehsalat təcrübəsi keçmək üçün müxtəlif müəssisələrə göndərilirlər. Həm ödənişsiz, həm də ödənişli əsaslarla təcrübə keçən tələbələr üçün şirkətlərdə yaradılan şəraitdən razılıq ifadə edən rektor tələbələrin bu müəssisələrdə özlərini doğrultmalarından məmnun olduğunu vurğulayıb. BANM-in məzunlarının yüksək ixtisaslı, ingilisdilli mütəxəssis kadrlar kimi formalaşmasında onların Ali Məktəbin professor-müəllim heyəti tərəfindən verilən yüksək səviyyəli tədris nəticəsində qazandıqları biliklərlə yanaşı, şirkətlərdə əldə etdikləri təcrübənin də vacibliyini deyən rektor "SOCAR UPSTREAM Management International" MMC şirkətinin rəhbərliyinə təşəkkür edib. Neftçi peşəsinin çətin və zəhmət tələb edən peşə olmaqla yanaşı, həm də şərəfli və məsuliyyətli bir sahə olduğunu vurğulayan Elmar Qasımov BANM-in məzunlarının bu yolu gələcəkdə davam etdirəcəklərinə əmin olduğunu deyib.

SOCAR-ın vitse-prezidenti, "SOCAR UPSTREAM Management International" MMC şirkətinin icraçı direktoru Yaşar Lətifov BANM-in hazırda ölkəmizdə ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu deyib. O, Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi zamanı nümunəvi davranış və öz peşələrinə böyük maraq sərgilədiklərini vurğulayıb. Yaşar Lətifov BANM-in rəhbərliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib.

Xatırladaq ki, 2015-ci il iyunun 1-də SOCAR-ın vitse-prezidenti, "SOCAR UPSTREAM Management International" MMC şirkətinin icraçı direktoru Yaşar Lətifov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Razılaşmaya əsasən, BANM-də tətbiq edilən tədris proqramları çərçivəsində BANM-in tələbələri üçün şirkətin mütəxəssisləri tərəfindən mühazirələr oxunması, onların müəllim kimi fənlərin tədrisinə cəlb olunması, BANM-in tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in məzunları üçün iş imkanlarının nəzərdə tutulması, BANM-in tələbələrinin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, tələbələr üçün kursların təşkil edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə birgə seminarların və ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi