SOCAR nümayəndələri ADNSU-da tələbələrlə görüşüb

SOCAR nümayəndələri ADNSU-da tələbələrlə görüşüb ADNSU-nun əlaçı tələbələrinə SOCAR-ın mükafatları təqdim olunub
Elm və təhsil
3 Noyabr , 2016 10:37
SOCAR nümayəndələri ADNSU-da tələbələrlə görüşüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ali məktəbin tələbələri ilə görüşüb.

Universitetin İctimaiyyətlə əlaqələr sektorundan “Report”a bildirilib ki, rektor Mustafa Babanlı SOCAR-ın ADNSU ilə əməkdaşlığını yüksək qiymətləndirib və qonaqlara ali məktəbdə həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verib: “Bu gün sevindirici haldır ki, universitetimizdə belə bir tədbir keçirilir. ADNSU-da həyata keçirilən islahatlardan və uğurlarımızdan çox danışmaq olar, lakin hər şey göz qabağındadır. Bizim məqsədimiz neft sənayesinə mütəxəssis hazırlamaqla yanaşı həm də şəxsiyyət formalaşdırmaqdır. Bu səbəbdən də, bu gün ADNSU-da bir sıra islahatlar, yeniliklər həyata keçirilir. Biz çalışırıq ki tədris müasir texnologiyanın inkişafına söykənsin. Bu gün ADNSU tələbələrə yüksək ali təhsil verməklə yanaşı onların işlə təmin olunmasını da prioritet hesab edir. Bakalavr və magistrların işlə təmin olunmasına çalışırıq”.

ADNSU ilə əlaqələrin tarixindən danışan SOCAR-ın İR departamentinin rəisi A.Bəkirli təhsil sahəsində 10 ildən çox müddət ərzində əməkdaşlıq olunduğunu qeyd edib. O, ADNSU-dakı son islahatların yüksək səviyyədə qarşılandığını vurğulayıb.

“Düşünürəm ki, biz bu görüşü çoxdan keçirməli idik. Tələbələrlə görüş bizim üçün çox vacib bir məqamdır. Bizim bir nömrəli məqsədimiz vakansiyalara geniş səriştəli işçilərin qəbul oluması və onların mütəxəssis kimi yetişdirilməsidir. SOCAR bu gün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan da bizim əməkdaşlığımız daha da genişlənməlidir ki, həm tədris həm də praktika birləşsin. Çünki təcrübə və nəzəriyyə işin vəhdətidir” - deyə A.Bəkirli bildirib.

Daha sonra SOCAR-ın gənclərlə bağlı layihələrindən danışılıb. Həmin layihələrin video roliki nümayiş olunub. SOCAR-ın nümayəndəsi Tural Məmmədov layihələrin detalları barədə iştirakçılara məlumat verib. T.Məmmədov qeyd edib ki, SOCAR-ın təqaüd proqramlarında və yay məktəbi layihələrində, eləcə də digər layihələrdə ADNSU tələbələri liderlik edir. Belə ki, hazırda ADNSU-dan 47 təqaüdçü tələbə seçilib, bu günə qədər təcrübə tələb etməyən vakansiyalarda 215 nəfər məzun işə qəbul olunub. Ümumlikdə 402 nəfər işlə təmin olunub.

ADNSU-nun əlaçı tələbələrinə SOCAR-ın mükafatları təqdim olunub. 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi