SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi keçiriləcək

SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi keçiriləcək 2181 nəfərin qeydiyyatdan keçdiyi imtahan aprelin 19-da olacaq
Elm və təhsil
16 Aprel , 2015 15:16
SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi keçiriləcək

Bakı. 16 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir. 

TQDK-dan "Report"a verilən xəbərə görə, imtahan saat 11:00-da Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında (Z.Xəlilov küç., 23) başlayacaq. 

Namizədlər imtahana özləri ilə 2 sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeydiyyat SOCAR tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb. Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunur. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi