​SOCAR 2014-2015-ci tədris ilində 135 tələbəni təqaüdlə təmin edəcək

​SOCAR 2014-2015-ci tədris ilində 135 tələbəni təqaüdlə təmin edəcək Təqaüd üçün müraciət edənlər daha çox ADNA, Qafqaz Universiteti, ADİU və BDU tələbələri olub
Elm və təhsil
26 May , 2015 19:32
​SOCAR 2014-2015-ci tədris ilində 135 tələbəni təqaüdlə təmin edəcək

Bakı. 26 may. REPORT.AZ/ Bu gün SOCAR-ın baş ofisində Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

İclasda bildirilib ki, 2015-ci il fevralın 2-də 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib, müsabiqədə 25 ali məktəbin bakalavriat pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər. SOCAR-ın təqaüdünü almaq üçün müraciət etmiş 2628 tələbədən 2181 nəfər müsabiqədə iştirak hüququ qazanıb, onlardan 1726-sı test imtahanında iştirak edib. Aprelin 19-da keçirilmiş imtahanda ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 256 nəfər namizəd Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibəyə vəsiqə qazanıb. Mayın 4-18-i tarixlərində SOCAR-ın mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibələr keçirilib. Qeyd olunub ki, müsabiqənin şərtlərinə əsasən hər kurs üzrə 4 baldan yuxarı qiymət toplayan ilk 40 nəfər təqaüdçü seçilir. Daha sonra iclasda keçirilən müsahibənin nəticələri nəzərdən keçirilib və qeyd olunan şərtə cavab verən 135 namizəd təqaüdçü seçilib. Onlardan 55 nəfəri qaz-neft-mədən, 20 nəfəri kimya-texnologiya, 17 nəfəri geologiya-kəşfiyyat, 13 nəfəri energetika, 9 nəfəri avtomatika və İKT, 7 nəfəri tikinti, 6 nəfəri mexanika, 5 nəfəri ekologiya, 3 nəfər isə iqtisadiyyat ixtisas qruplarından seçilib. Qeyd edilib ki, bu il SOCAR-ın təqaüdünü almaq üçün müraciət edənlər daha çox Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, İqtisad Universiteti və Bakı Dövlət Universitetinin tələbələri olub. İclasın yekununda Xalik Məmmədov bildirib ki, cari ildə daha çox tələbə SOCAR-ın təqaüdçüsü adını qazana bilərdi. Belə ki, şirkətin əsasnaməsinə uyğun olaraq hər kurs üzrə 40 nəfər seçilməli və 240 nəfər kvotanı tamamlamalı idi. Amma tələbələrin Müsabiqə Komissiya qarşısında fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkmələri səbəbindən göstəriçilər gözləniləndən aşağı olub. Bununla belə, cari ildə əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət etmiş tələbələr SOCAR haqqında daha çox informasıyaya malikdirlər ki, bu da müsbət qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi