Şöbə müdiri: "Təhsil sistemində minlərlə adları gedən, özləri olmayan müəllim var"

Şöbə müdiri: "Təhsil sistemində minlərlə adları gedən, özləri olmayan müəllim var" Elnur Əliyev: "Ən çox problemli müəllimlər ibtidai siniflərdə olub"
Elm və təhsil
14 Aprel , 2016 11:24
Şöbə müdiri: Təhsil sistemində minlərlə adları gedən, özləri olmayan müəllim var

Bakı. 14 aprel. REPORT.AZ/ "Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var. Ona görə də müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi bu məsələdə kömək edəcək". "Report"un məlumatına görə, bunu Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6 500-ü ibtidai sinif müəllimi olub: "Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. İmtahan nəticələrindən narazı qalan 3 000 müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir".

Şöbə müdiri qeyd edib ki, müəllimlərin özləri keyfiyyətləri baxımından fərqlənir: "Məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olub. Məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərqləndirmə qoyulmalı idi. Təcrübə onu göstərir ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərir".

İmtahan nəticələrinin direktorlara ayrıca zərfdə verildiyini deyən E.Əliyev əlavə edib ki, bununla direktor müəllimlərin arasındakı fərqi bilirdi: "Hətta bir çox direktorlar qiymətləndirmədən sonra bizə təşəkkür də edirdilər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilirdi. Nəticədə, çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdilər".

"Psixologiya ilə bağlı suallar psixoloqlarla birgə hazırlanmışdır. Nəticələri müəllimlərə vermədik, onlar bizdə qalıb. Bu sahədə ən çox problemli müəllimlər ibtidai siniflərdə olub. Bu da səbəbsiz deyil. Hər sinifdə 20-30 uşaq olur və ilk dəfə parta axrasında otururlar. Təbii ki, həmin uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik. Yəni, müəllim sağlam şəkildə təhsil verməlidir", - deyə Nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi