Şöbə müdiri: "Afaq Məsudun yazdıqları ağlasığan məsələlər deyil" - MÜSAHİBƏ

Şöbə müdiri: "Afaq Məsudun yazdıqları ağlasığan məsələlər deyil" - MÜSAHİBƏ "Onlar bilmir lüğət, onun tərkibi nədir, lüğət hansı prinsiplərə əsaslanaraq hazırlanır"
Elm və təhsil
17 Noyabr , 2015 14:43
Şöbə müdiri: Afaq Məsudun yazdıqları ağlasığan məsələlər deyil - MÜSAHİBƏ

"Orfoqrafiya lüğətini tənqid edənlər həvəskarlardır, peşəkər adamlar deyil"

"Onlar ədalətli olsaydılar, orfoqrafiya lüğətini müzakirə edərkən Dilçilik İnstitutundan nümayəndə çağırardılar və qarşı tərəfin də mövqeyini bildirməsinə, onların tənqidlərini cavablandırmasına şərait yaradardılar"

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədovun "Report"a müsahibəsi:

- Dilçilik İnstitutunun 2013-cü ildə hazırladığı Azərbaycan dilinin orfoqrafiya lüğətinin 6-cı nəşri tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsiniz? 

- Orfoqrafiya lüğətini tənqid edənlər həvəskarlardır, peşəkər adamlar deyil. Afaq Məsudun yazdıqları ağlasığan məsələlər deyil. Lüğəti ancaq onun nə olduğunu bilən insanlar hazırlamalıdır. Onlar bilmir lüğət, onun tərkibi nədir, lüğət hansı prinsiplərə əsaslanaraq hazırlanır.

- Orfoqrafiya lüğətinin 7-ci nəşrinin Dilçilik İnstitutu və Tərcümə Mərkəzi ilə birgə hazırlanması mümkündürmü?

- Dilçilik İnstitutunun Tərcümə Mərkəzi ilə əməkdaşlıqla bağlı müqaviləsi yoxdur və onlar bizə bununla bağlı müraciət etməyiblər. Onlar ədalətli olsaydılar, orfoqrafiya lüğətini müzakirə edərkən Dilçilik İnstitutundan nümayəndə çağırardılar və qarşı tərəfin də mövqeyini bildirməsinə, onların tənqidlərini cavablandırmasına şərait yaradardılar. Lüğətdə həmişə səhv olur, bu normaldır, lüğət daim zamandan geridə qalır.

- Orfoqrafiya lüğətinin yenidən hazırlanmasına ehtiyac varmı?

- Orda müəyyən məsələlər var ki, yenilənməlidir. Lüğətdə bəzi sözlər var mürəkkəb deyil, amma bitişik yazılıb. Eyni zamanda lüğətə düşməyən bəzi sözləri ora daxil etmək lazımdır. Yeni hazırlanacaq lüğətə iki minə yaxın söz daxil ediləcək. Məsələn: həbə, həbəçi, üzağlığı, dam-dirək, dirəkvari, dişgöynədən, ümrə, ürəyibütöv, uca, ucamərtəbəli, uçotçu, böyrübatıq və s... sözlər lüğətdə yoxdur.

- Dialekt sözlərin lüğətdən çıxarılma ehtimalı varmı?

- Xeyir. Bəzilər elə düşünür ki, lüğətdə olan bütün sözləri hamı bilməlidir, amma bu mümkün deyil. Lüğətdə 110 563 söz var. Məsələn, "kündar" sözünü hamı başa düşmür, bu söz baramaçılıqda termin kimi işlənir. Bu və bu kimi sözlər vacib sözlərdi və ədəbi dildə qarşılığı yoxdur.

- Sosial şəbəkələrin adlarının orfoqrafiyasında dəyişiklik olacaqmı və buna ehtiyac varmı?

- Bəli, bu sözlər Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşmalıdır. Məsələn, skype-skayp, retrica-retrika, facebook-feysbuk, twitter-tvitter, instagram-instaqram, e-mail-imeyl, youtube-yutub, "whatsapp"-vatsap, "line"-layn, "viber"-vayber, "google"-quql, "yandex" - yandeks və s... sözlər dilin qayda-qanununa uyğunlaşaraq işlənməlidir.

- Brend şirkət, firma və məhsulların adlarının lüğətə salınması gözlənilirmi?

- Brend adlar və sözlər lüğətdə verilmir. Lüğətdə oturuşmuş sözlər işlənir, yəni dildə daimi qalan sözlər. Brend adlar isə daimi dəyişir. 

Son xəbərlər

Orphus sistemi