Şirvanda tələbə-gənclər arasında "Vətənini tanı" adlı intellektual bilik yarışması keçirilib

Şirvanda tələbə-gənclər arasında "Vətənini tanı" adlı intellektual bilik yarışması keçirilib Yarışmada 17 komanda olmaqla, 85 gənc mübarizə aparıb
Elm və təhsil
12 Avqust , 2015 16:14
Şirvanda tələbə-gənclər arasında Vətənini tanı adlı intellektual bilik yarışması keçirilib

Bakı. 12 avqust. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Gənclər Günü ərəfəsində Şirvan şəhərində tələbə-gənclər arasında "Vətənini tanı" adlı intellektual bilik yarışması keçirilib. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Yarışmada 17 komanda olmaqla, 85 gənc mübarizə aparıb. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

18 saylı məktəb-liseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əfqan Həsənov və digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb.

Final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə "Güvən" komandası 1-ci yer, "4+1" komandası 2-ci yer , "Bermud" komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi